Dövlət İmtahan Mərkəzi (DİM) martın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.
DİM-dən NTV-yə bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. Buraxılış vərəqələrində imtahanın yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.
İmtahanlara qeydiyyat fevralın 10-dan martın 1-dək aparılıb və bu müddət ərzində 1689 nəfər ərizə təqdim edib.
Namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Onlar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahanlar elektron formada Bakı və Naxçıvan şəhərlərində iki binada təşkil olunacaq.
