Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və memarlıq ili” çərçivəsində İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının baş müəllimi Əzizə Məmmədovanın rəhbərliyi ilə Təsviri incəsənət ixtisasında təhsil alan tələbələrin dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi keçirilib.
NTV xəbər verir ki, sərgiyə baxış zamanı Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını qeyd edən NDU-nun rektoru Elbrus İsayev Əzizə Məmmədovanı təbrik edib, onun respublika səviyyəli sərgilərdə iştirak etdiyini, uğurlu yaradıcılıq işlərinə imza atdığını və özünəməxsus yaradıcılıq xüsusiyyətlərinə malik olduğunu bildirib. Rektor universitetdə duz emalatxanasının yaradılması istiqamətində işlərin aparıldığından danışıb və əlavə edib ki, bu emalatxanada tələbə və müəllimlərin hazırladıqları hədiyyəlik, eləcə də satış üçün nəzərdə tutulan müxtəlif yaradıcılıq nümunələri, memarlıq və heykəltaraşlıq əsərləri təqdim olunacaq.
Tədbir zamanı İncəsənət fakültəsinin dekanı, dosent Cavid İsmayılov, “Təsviri incəsənət” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Siddiqə Hacıyeva və “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru İnara Məhərrəmova da Əzizə Məmmədovanı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Bildirilib ki, sərgidə tələbələrin sərbəst iş nümunələri, dərs müddətində və auditoriyadankənar hazırladıqları əsərlər nümayiş olunur.
Qeyd edək ki, sərgidə 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi təqdim olunub. Burada əsasən ebru sənət nümunələri, Naxçıvan duzundan hazırlanmış oyma və heykəltaraşlıq işləri, rəngkarlıq və vitraj nümunələri, şüşə üzərində oyma, milli ornamentlərdən ibarət kompozisiyalar, duzdan hazırlanmış bəzək aksesuarları sərgilənib. Eyni zamanda sərgidə patentləşdirilmiş duzdan hazırlanmış qadın zinət əşyaları da nümayiş etdirilib.
Badəm Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi
