“Qarabağ” Futbol Klubunun İtaliyanın köklü klublarından “Udineze” ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir.
Ağdam təmsilçisinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.
Razılaşmaya əsasən, “Qarabağ” akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçuların Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Əməli əməkdaşlıq əsas liqalarda olduğu kimi aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyanın üzvləri İtaliyaya yollanacaq. İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcək mərhələdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
