Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  növbədənkənar sessiyası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  növbədənkənar sessiyası keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  növbədənkənar sessiyası keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;

6.  “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  komitələrinin yeni tərkibinin təsdiq edilməsi;

9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında aparılan struktur islahatları nəticəsində bir sıra dövlət orqanları və qurumların ləğv edilməsi və ya strukturunun dəyişdirilməsi ilə müvafiq olaraq xərclərin də tənzimlənməsi zərurəti yarandığından Naxçıvan Muxtar Respublikasının 2023-cü il dövlət büdcəsində dəyişikliklər edilməlidir.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran ikinci məsələ - “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı bildirilib ki, muxtar respublikada struktur islahatların davam etdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi, yeni struktur layihələrin hazırlanması, işçilərin yerləşdirilməsi, əməyin ödənilməsi, həmçinin digər layihələrin icra olunması Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinə yenidən baxılması zərurəti yaradıb.

Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov çıxış edib, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib.

Sessiyanın gündəliyində duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, muxtar respublikada əmək bazarının inkişafı üçün haqqı ödənilən ictimai işlərin, peşə hazırlığı və əlavə təhsilin təşkili, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi məqsədilə əlavə vəsaitə ehtiyac yaranıb, beləliklə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində dəyişiklik edilməsi zərurəti ortaya çıxıb.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov məlumat verib.

Deputat Vüqar Abbasov işsizlikdən sığorta ilə bağlı sahibkarlarla iş aparılmasını təklif edib, işə götürülən vətəndaşın əməkhaqqısının neçə faizinin İşsizlikdən sığorta fondu tərəfindən ödəniləcəyi ilə bağlı məsələ aydınlaşdırılıb.

Müzakirə olunan məsələ ilə əlaqədar Qanun səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva  hesabat verib.

Deputat Fərəc Fərəcov Naxçıvan Muxtar Respublikası ərazisində əlverişsiz hava şəraiti nəticəsində azaraq itkin düşən, Ermənistan tərəfinə keçən və orada onlara işgəncələr verilən, qanunsuz məhkəməyə çıxarılan Azərbaycan Ordusunun iki əsgəri ilə bağlı hansı tədbirlər görülməsi, həmçinin həmin əsgərlərin valideynləri tərəfindən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət daxil olub-olmaması ilə bağlı sual səsləndirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən bəyanat verildiyini, beynəlxalq ictimaiyyət qarşısında çıxış edildiyini, iki əsgərimizin hüquqlarının təmin olunması üçün Qeyri-hökumət Təşkilatlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerində araşdırma aparmağa dəvət edildiyini və buna nail olunduğunu bildirib. Həmçinin Ermənistanda saxlanılan Azərbaycan Ordusunun iki əsgərinin valideynləri və yaxınları tərəfindən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət daxil olmadığı, lakin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həmin ailə ilə daim təmasda olunduğu diqqətə çatdırılıb. 

Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Sessiyada gündəlikdə duran beşinci məsələnin müzakirəsi zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mövcud Daxili Nizamnaməsi Ali Məclisin fəaliyyətinin qurulmasına cavab vermir, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılmayıb. Bu səbəbdən yeni layihə işlənilib, sessiyadan öncə layihə baxılması üçün deputatlara təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov Qanun layihəsi barədə ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nə texniki dəyişikliklə bağlı təklif irəli sürüb və təklif nəzərə alınıb.

Sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran altıncı məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsinin müzakirəsi zamanı diqqətə çatdırılıb ki, komitələr fəaliyyətini qanunla və Daxili Nizamnamə əsasında qurur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq qanun layihəsi hazırlanıb.

Cəlil Rüstəmov Qanun layihəsi barədə məlumat verib, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib. Qanunun qəbul edilməsi ilə Ali Məclisin komitələrinin sayı 6-dan 4-ə endirilir. Komitələr Konstitusiya və qanunlarla Ali Məclisə verilmiş Qanun qəbuletmə səlahiyyətləri, eləcə də baxdığı məsələlərin dairəsi nəzərə alınaraq yaradılıb.

Sessiyanın gündəliyində duran yeddinci məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən etik davranış qaydaları haqqında qanuna əməl edilməməsi deputatın mandatının itirilməsi hallarından biri kimi göstərilsə də, bu haqda qanun qəbul edilməyib. Ölkə üzrə mövcud olan qanunvericiliyə uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu hazırlanıb.

Qanun layihəsi barədə məlumat verilib və Qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran səkkizinci məsələ ilə bağlı bildirilib ki, qəbul edilən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Qanuna uyğun olaraq komitələrin yeni tərkibi təsdiq edilməlidir. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra qəbul olunub. Qəbul olunmuş qərarla deputatlardan Qəribli İsmayıl Cavanşir oğlu Hüquq siyasəti komitəsinin, İsayev İsa Bünyad oğlu İqtisadi siyasət komitəsinin, Məmmədova Yeganə Qurban qızı Sosial siyasət komitəsinin, Cəfərli Elman Yusif oğlu Humanitar siyasət komitəsinin sədrləri seçiliblər.

Gündəlikdə duran doqquzuncu məsələ ilə əlaqədar qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 20 iyun tarixli Fərmanı ilə Baş nazirin müavini vəzifəsinə təyinat olub. Təyinat sessiyalararası dövrə düşdüyündən və fərman formasında qəbul edildiyindən Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin  9-cu bəndinə uyğun olaraq Ali Məclisin iclasında təsdiq olunması üçün müzakirəyə çıxarılıb. Bununla bağlı qərar layihəsi hazırlanıb.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov deyib ki, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən də diqqətdə saxlanılıb, müvafiq tədbirlər görülüb. Müxtəlif silsilə tədbirlərlə yanaşı, 10 may 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Bildirilib ki, 2023-cü ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 7 qanun, 51 fərman, 97 sərəncam və 5 qərar, eləcə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini tərəfindən 49 sərəncam imzalanıb. 10 yanvar 2023-cü il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası, 16 may 2023-cü il tarixdə isə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası çağırılıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən digər dövlət orqanlarına 131 məktub göndərilib. Həmin dövrdə Ali Məclisə 672 xidməti sənəd daxil olub. Eləcə də, Ali Məclisə ünvanlanmış 197 vətəndaş müraciətinin qeydiyyatı aparılıb, icra olunması üçün aidiyyəti üzrə baxılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bir sıra qanunlar qəbul edildi, bəzi qanunlara dəyişikliklər olundu, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” təsdiqləndi. Bundan sonra Ali Məclis fəaliyyətini daha çevik formada qurmalı, qarşıya qoyulmuş vəzifələr ardıcıl şəkildə icra edilməlidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi tədbirlər, sabitliyin təmin olunması ölkəmizin inkişafını daha da sürətləndirir və dünya miqyasında mövqeyini möhkəmləndirir. Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Laçın sərhəd buraxılış məntəqəsi yaradılıb. Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfinin sərhəd keçid məntəqəsinə “humanitar yük” adı altında konvoylar göndərməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təxribatdır. Ermənistanın bu əsassız səs-küyünə qarşı Naxçıvan Muxtar Respublikasının 30 ildən artıq məruz qaldığı həqiqi gərgin humanitar vəziyyətinə həmin dövləti dəstəkləyən bəzi ölkələrin səssiz qalmasına ciddi etiraz bildiririk. Ölkəmiz əleyhinə Ermənistanın və onu dəstəkləyən dövlətlərin apardığı məkrli fəaliyyətə qarşı gərgin və müdrik siyasət yürüdən Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi bütün muxtar respublika sakinləri ilə birgə dəstəkləyirik.

Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını Ermənistan tərəfinin “bölgədə gərgin humanitar vəziyyət” iddialarına, Laçın sərhəd buraxılış məntəqəsinə “humanitar yük” adı altında konvoylar göndərməsinə münasibət bildirməyə çağırıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM