Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olan - Səməd Mövləvi - FOTOLAR

Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olan - Səməd Mövləvi <font color=red> - FOTOLAR</font> Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olan - Səməd Mövləvi <font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Azərbaycan teatr aktyoru və rejissoru Səməd Mövləvinin bu gün doğum günüdür.

Azərbaycan teatrının inkişafında əvəzsiz töhfələri olan 125 yaşlı Xalq artisti, görkəmli sənətkarın həyat və yaradıcılıq yolu haqqında geniş məlumat almaq üçün AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu teatr və musiqi şöbəsinin aparıcı elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Ələkbər Qasımovla həmsöhbət oluruq.

-Ələkbər müəllim, Səməd Mövləvi ilə bağlı bir çox araşdırmalar edib, onun haqqında müəyyən qədər məlumata sahib biri olaraq istəyirəm ki, Azərbaycan teatırının inkişafında misilsiz xidmətləri olan görkəmli sənətkarla bağlı bildiklərinizi bizimlə bölüşəsiniz.

-Bilirsiniz bu ilin mart ayında 142 yaşını tamam edəcək qədim sənət ocağımız Naxçıvan teatrının bu illər ərzində çox müxtəlif xarakterli, istedadlı, bacarıqlı sənətkarları olub. Onlar teatrımızın inkişaf edib bu günümüzə gəlib çıxmasında böyük fədakarlıqlar ediblər. Teatrın təşəkkül dövründə onun formalaşıb inkişaf etməsində öz sözlərini deyən sənətkarlar Naxçıvan teatrının şöhrət qazanmasında da mühüm rol oynayıblar. Həmin sənətkarlar sadəcə aktyor olaraq deyil, eyni zamanda bir rejissor kimi də fəaliyyət göstəriblər. Belə sənətkarlardan biri də bu gün yad etdiyimiz Səməd Mövləvidir. Səməd Mövləvi geniş bacarıqlı fəaliyyəti ilə Azərbaycan SSR Xalq artisti adına layiq görülən sənətkarlarımızdan biri olub. Əslən Cənubi Azərbaycandan olan Səməd Mövləvi 1900-cü ildə Təbrizdə anadan olub. Təbrizdəki “Rüşdiyyə” məktəbində təhsil alan Səməd Mövləvi uşaq yaşlarından teatra maraq göstərib. Məktəbdə oxuyarkən o, ilk dəfə Nəriman Nəriman¬ovun “Nadir şah” əsərindəki yeganə qadın obrazı olan Gülcahanı oynayıb. Xalq artisti Sidqi Ruhulla öz xatirələrində bu barədə qeyd edib ki, “Biz Təbrizdə Nəriman Nərimanovun “Nadir şah” faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu “Rüşdiyyə” məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heçnədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi”. Bu roldan sonra Sidqi Ruhulla Səmədin istedadlı bir gənc olduğu qənaətinə gələrək ona bu sənətlə məşğul olamğı məsləhət görərək, Şimali Azərbaycana gəlməyini istəyib.

Səməd Mövləvi həmin illərdə Təbrizdə Cəlil Məmmədquluzadə ilə də tanış olub. O, xatirələrində qeyd edib ki, “1919-cu ildə biz Cəlil Məmmədquluzadənin özünün gətirib təqdim etdiyi “Ölülər” əsərinin tamaşasını hazırladıq. Həmin gün əsərin tamaşaya qoyulmasına icazə verilmədi. Əsərin hazırlanmış ssenarisini yoxlayıb bir qisim rolların çıxılması istənilmişdi. Bu məsələyə görə çox əsəbiləşən Cəlil Məmmədquluzadə əsərin ssenarisinə baxaraq “belədirsə, tamaşaya qəti qoyulmasın”- deyir. Bu vəziyyətdən xəbər tutan ziyalı Babil Mexdixanlı əsərlə yaxından tanış olduqdan sonra tamaşaya qoyulmasını tapşıraraq, bütün məsuliyyəti öz üzərinə götürür. Və beləliklə əsər tamaşaya qoyulur. Ancaq tamaşa bitdikdən sonra Babil Mexdixanlı, Cəlil Məmədquluzadə və bir neçə aktyor polis şöbəsinə aparılır. Bu vəziyyət təbii ki, bizləri çox narahat edir. Ancaq onları bir neçə saat sonra azadlığa buraxırlar”. Bu hadisədən sonra o, qəti qərar verir ki, Şimali Azərbaycana köçsün. Həmin dövrdə Azərbaycanda dövlət dəstəyi görən teatr sahəsi demək olar ki, inkişafa qədəm qoymuşdu. 1921-ci ildə baş verən siyasi proseslərin fonunda Naxçıvana köçməyə məcbur olan Səməd Mövləvi istedadlı gənc olaraq elə həmin ildən Naxçıvan teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayır. Onun fəaliyyətindən iki il sonra Naxçıvan teatrı dövlət statusu alır. Onun gəlişinə kimi Naxçıvanda teatr sahəsində musiqili komediyalar səhnləşirdisə, ondan sonra operalar da səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanmağa başlayıb. Çünki onun çox ürəyəyatan, məlahətli səsi var idi. Onun xidmətləri təkcə Naxçıvan teatrı ilə də bitmir. İrəvanda Azərbaycan treatrının təşkilində də əvəzsiz xidmətləri olub. Səməd qısa bir arada Tiflis və Azərbaycan teatrının inkişafında rolu olan unudulmaz aktyorlar Həsən Səfərli, Əli Xəlilov, Rza İsfəndiyarlı, Rza Təhmasib, Kazım Ziya, Mirhəsən Mirişli ilə birlikdə işləyib.

Görkəmli sənətkar Cəfər Cabbarlının “Od gəlini”, “1905-ci ildə”, Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Dəli knyaz”, M.F.Axundovun “Hacı Qara”, Şəmsəddin Saminin “Dəmirçi gavə”, gürcü yazıçısı Şanşiaşvilinin “Anzor”, Şekspirin “Hamlet”, “Otello”, Şillerin “Qaçaqlar”, “Məkr və məhəbbət”, hind yazıçısı Hüseyn Fitrətin “Hind ixtilaçıları”, rus klassiklərindən Qoqolun “Müfəttiş”, Ostrovskinin “Günahsız müqəssirlər”, Şkvarkinin “Özgə uşağı” pyeslərini uğurla tamaşaya qoyub və özü də ayrı-ayrı rollarda çıxış edib. Qeyd edim ki, 40 ildən artıq bir dövrdə Səməd Mövləvi 225- dən çox müxtəlif xarakterli obraz yaradıb və rejissorluq edibdir.

Səməd Mövləvinin xidmətlərindən biri də gənclərin bu sənətə marağını cəlb edərək, yeni sənət adamlarını yaratmaq idi. Həmin gənclərdən biri də mənim atam Məmməd Qasımov olub. Atam bu haqqda öz xatirəsində yazıb. “Bir gün qoltuğumda bir qovluq dekorasiya şəkilləri və geyim eskizləri ilə gənc rəssam olaraq Naxçıvan teatrına gəlib işləmək istədiyimi bildirdim. Eskizlərlə tanış olan aktyor-rejissor Səməd Mövləvi mənim istedadımı yüksək qiymətləndirib və hazırladığı “Ölülər” tamaşasının rəssam işini tamamilə mənə həvalə etdi. İlk işim uğurlu alındı, Səməd müəllimin xeyir-duası ilə mən icraçı rəssam kimi teatrda işə qəbul edildim. Onun bu dəstəyi ilə orada çalışdığım 44 ildə 100-dən artıq tamaşanın quruluşçu rəssamı oldum. Bu xidmətlərim yüksək qiymətləndirilərək Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldüm”.

Bildirim ki, müxtəlif rollar ifa edən Səməd Mövləvinin son fəaliyyəti Süleyman Ələsgərovun “Ulduz” musiqili komediyasında Gülümsərov rolu olub. Bu roldan sonra ağır xəstələnən görkəmli aktyor səhnə həyatına son verib. Həmin dövrdə indiki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının tikilişi zamanı otaqları gəzən aktyorlar arasında Səməd Mövləvidə var idi. Onun qəlbindən bu binada da fəaliyyət göstərmək istəyi keçsə də, əcəl buna izin vermir. 1962-ci ildə fevral ayının 6-da vəfat edib.

-Səməd Mövləvinin sənətinin davamçısı olan oğlu Tofiq Mövləvi ilə bağlı nə deyə bilərsiniz?

Tofiq Mövləvi də atası kimi uşaq yaşlarından səhnəyə maraq göstərib. Təbii ki, bu marağın onda yaranmasında atası Səməd Mövləvinin dəstəyi çox olub. O, kiçik yaşlarından səhnədə uşaq rollarını oynamaqla səhnə həyatı ilə tanış olub. Sonra bu sənətin davamçısı olaraq ciddi rollarla bərabər, daha çox komik rolları ifa edib. O, teatr səhnəsində təkcə aktyor kimi çıxış etmirdi, həm də xalq teatrında “Gənclik” studiyası yaradaraq o dövrdə Naxçıvan şəhərində fəaliyyət göstərən müəssisələrin həvəskar gənclərini cəlb etməklə bir-birindən maraqlı tamaşalar hazırlayırdı. Muxtar respublikanın kənd¬lərində, rayon mərkəzlərində təmənnasız oynanılan tamaşalar heç də peşəkar teatrdakından geri qalmırdı. Hətta bu tamaşalar o zaman paytaxt Bakıda da oynanılaraq birinci yerə layiq görülüb. İndi muxtar respulikamızda teatr sahəsində yaxşı tanınan Xalq artistləri Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən Ramazanova da ilk səhnə addımlarını məhz Tofiq Mövləvinin studiyasında atıblar.

-Geniş və maraqlı müsahibə üçün çox sağolun.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM