Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur. Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət sıxlığını, məhdudiyyətli görünməni, eləcə də sutkanın işıqlı və ya qaranlıq vaxtını nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Bu barədə NTV-yə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Məlumata görə, qanunvericiliyə əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə yol açmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza-dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Qaydalara uyğun olaraq, qəza-dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə, digər sürücülərin onu vaxtında görə biləcəyi şəkildə yerləşdirilməlidir. Avtomobil sıradan çıxdıqda isə sürücü onu yoldan tamamilə kənara, bu, mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin, eləcə də digərlərinin həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
