Ukrayna münaqişəsinin həllinin mümkünlüyünə baxmayaraq, Macarıstan hökuməti yüksək enerji qiymətlərinin davam edəcəyindən və bunun Avropa iqtisadiyyatını çökdürəcəyindən qorxur.
NUHÇIXAN xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu barədə “Kossuth” radiostansiyasında çıxışı zamanı deyib.
2024-cü ildə Avropa İttifaqına üzv ölkələrin rəqabət qabiliyyətlərinin artırılması ilə bağlı Budapeşt Bəyannaməsinin qəbul edildiyin xatırladan Baş nazir onun əsasən neft və qaz qiymətlərinin aşağı salınması ilə bağlı tədbirləri nəzərdə tutduğunu vurğulayıb.
“Qorxuram ki, vədlərimiz yerinə yetirilməyəcək və enerji qiymətləri ucuzlaşmayacaq. Avropada yanacağın qiyməti artır və bu, iqtisadiyyatı məhv edəcək”, - deyə Viktor Orban bildirib.
Macarıstanın hökumət başçısı Ukraynadakı münaqişənin həllində ilk addımların sülhün əldə olunmasına ümid verdiyini və bunun qlobal iqtisadi vəziyyəti yaxşılaşdırmağa kömək edəcəyini vurğulayıb.
O, eyni zamanda, Avropa İttifaqının hazırkı liderlərinin bütün üzv ölkələrin maraqlarına uyğun effektiv siyasət həyata keçirə biləcəklərinə inanmadığını açıqlayıb. “Ola bilsin ki, sülh bütün Avropa iqtisadiyyatına müsbət təsir etsin, lakin mən Brüssel, Berlin və ya Parisdən Macarıstan iqtisadiyyatına müsbət təsir göstərə biləcək hər hansı idarəetmə qərarını gözləmirəm”, – deyə Orban əlavə edib.