Bu gün Türkiyənin ən ali dövlət rəmzlərindən olan İstiqlal Marşının qəbul edilməsindən 105 il ötür. Marşın sözləri Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoya, musiqisi isə dövrün tanınmış bəstəkarlarından olan Osman Zeki Üngörə aiddir.
NTV Türkiyənin İstiqlal Marşının yaranma tarixinə nəzər salır.
Türkiyə Böyük Millət Məclisinin açılması ilə (1920-ci il) bu ölkənin “Hakimiyet-i Milliye” qəzetinin 1920-ci il 25 oktyabr buraxılışında dövlət himninin yazılması ilə bağlı müsabiqə elan edilir. O zamanın tanınmış şairi Mehmet Akif Ərsoya yarışmada iştirak təklif olunsa da o, bunu qəbul etmir. Şair, milli marşın müsabiqə yolu ilə seçilməsinin düzgün yanaşma olmadığını düşünür. 1920-ci il dekabrın 23-dək davam edən müsabiqəyə ümumilikdə 724 əsər göndərilsə də onların heç biri qəbul olunmur. Bundan sonra o zamanlar Türkiyənin maarif naziri olan Hamdullah Suphi bəy Mehmet Akifə məktub göndərərək ondan himnin sözlərinin yazılması üçün kömək istəyir. Hər kəsin səbirsizliklə gözlədiyi Milli Marşın sözləri on günə hazır olur və 1921-ci il fevralın 17-də “Sebilürreşad” jurnalında “Qəhrəman Ordumuza” başlığı ilə dərc edilir.
1921-ci il martın 12-də Hamdullah Suphi bəyin Böyük Millət Məclisinin kürsüsündən Mehmet Akif tərəfindən yazılan şeiri oxuyur və Türkiyə dövlətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilir. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilir.
İstiqlal Marşının yazılması üçün Mehmet Akifə 500 lirə mükafat da verilir. Lakin bu pul şair tərəfindən yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlanır.
Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnir. Beləliklə Türkiyənin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən olan İstiqlal Marşı yaranır.
