satellite   Azerspace-1: 11135 H 30000

Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib

 Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib

Misir hakimiyyəti Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib. Yeni tələblərin noyabrın 1-dən qüvvəyə mindiyi bildirilir.

NTV xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Abidələr Nazirliyindən Turizm Şirkətləri və Agentlikləri Palatasına rəsmi bildiriş daxil olub. Palatanın turizm şirkətlərinə ünvanladığı məktubda qeyd olunub ki, adıçəkilən üç ölkənin vətəndaşları üçün əvvəllər tətbiq edilən bütün xüsusi güzəştlər ləğv edilib. Bundan sonra həmin ölkələrin vətəndaşları Misirə səfər etməzdən əvvəl viza almalı və müəyyən edilmiş əlavə tələblərə əməl etməlidirlər. Yeni qaydalara əsasən, 16-40 yaş aralığında olan şəxslər Misirə yaxın ailə üzvlərindən biri – ata, ana, həyat yoldaşı və ya övladları ilə birlikdə səfər etməlidirlər.

Bundan başqa, hər bir gələn şəxsin üzərində ən azı 3 min ABŞ dolları, ailə ilə səfər edənlərin isə ümumilikdə ən azı 5 min dollar nağd pul olmalıdır. Adıçəkilən ölkələrdən gələnlərin telefon nömrələri, o cümlədən Misirdə əldə etdikləri telefon nömrələri onları qəbul edən turizm şirkətində qeydiyyata alınmalıdır. Tələblərə görə, turizm şirkətləri gələn qruplar üçün əvvəlcədən müəyyən edilmiş səfər proqramı hazırlamalıdırlar. Şirkətlərə turistlərin pasportlarını ölkəyə daxil olduqdan sonra müvəqqəti götürmək və yalnız ölkədən çıxarkən geri qaytarmaq səlahiyyəti də verilib.

Misirin Pasportlar, İmmiqrasiya və Vətəndaşlıq üzrə Baş İdarəsi ölkəyə daxil olan ailə başçısının pasportuna digər ailə üzvlərinin məlumatlarını təsdiq edən müvafiq qeydlər vuracaq. Ailə başçısı ölkəni tərk edərkən qeydiyyata alınmış bütün ailə üzvlərinin onunla birlikdə olmasını təmin etməlidir. Həmçinin turizm şirkətləri təsdiq edilmiş proqram üzrə müəyyən edilmiş vaxtda ölkəni tərk etməyən hər hansı turist barədə aidiyyəti dövlət qurumlarına dərhal məlumat verməlidirlər.

Yeni qaydalar Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşlarının Misirdə olduqları müddətdə turist vizasının başqa məqsədlər üçün nəzərdə tutulan viza növünə dəyişdirilməsi ilə bağlı müraciətlərinin qəbul edilməsini də qadağan edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM