satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ Somali hökumətinin mövqeyini pisləyib

BƏƏ Somali hökumətinin mövqeyini pisləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Somali hökumətinin ölkəyə qarşı nümayiş etdirdiyi, gərginliyi artıran və əsassız düşmənçilik xarakteri daşıyan mövqeyini kəskin pisləyib. Əbu-Dabi bu cür yanaşmanın ikitərəfli münasibətlərə və iki ölkə arasında əməkdaşlığın əsaslarına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

NTV xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Somali hökumətinin mövqeyi “məsuliyyətsiz” adlandırılıb və bunun iki ölkə arasındakı münasibətlərə zərər vurduğu bildirilib. Qeyd olunub ki, beynəlxalq münasibətlərə təsir edən qərarlar siyasi mülahizələrdən və daxili çəkişmələrdən kənar, qarşılıqlı maraqlar əsasında qəbul edilməlidir.

Nazirlik Somali hökumətinin hakimiyyətlə bağlı daxili mübahisələrinə BƏƏ-ni cəlb etmək cəhdlərindən təəssüf hissi keçirdiyini bildirib və bu yanaşmanın hər iki xalqın maraqlarına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

BƏƏ Xarici İşlər Nazirliyi xatırladıb ki, Somali hökumətinin BƏƏ səfirliyinə və ölkənin siyasətinə qarşı düşmən münasibəti, o cümlədən Moqadişonun iki ölkə arasında imzalanmış ikitərəfli sazişləri ləğv etmək qərarı ilə əlaqədar 2026-cı ilin yanvarında BƏƏ-nin Somalidəki səfirliyi bağlanıb və diplomatik heyəti ölkədən geri çağırılıb.

Diplomatik gərginliyə baxmayaraq, BƏƏ Xarici İşlər Nazirliyi Somali xalqına hörmətini və iki xalq arasında mövcud əlaqələrə verdiyi yüksək dəyəri vurğulayıb. Xüsusilə BƏƏ-də yaşayan və ölkəyə səfər edən Somali vətəndaşları ilə əlaqələrin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Əbu-Dabi bu əlaqələrin qorunmasında, qarşılıqlı maraqların təmin edilməsində və əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Xatırladaq ki, Somali hökuməti cümə axşamı BƏƏ səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib və ona ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Eyni zamanda, Somalinin Əbu-Dabidəki səfiri geri çağırılıb. Rəsmi Moqadişo bu qərarı BƏƏ-nin Somalinin daxili işlərinə müdaxilə etməsi ilə əsaslandırıb.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər, xüsusilə BƏƏ-nin separatçı Somaliland bölgəsinə dəstəyi və Somali limanları ilə bağlı əməkdaşlığı səbəbindən son dövrlərdə gərginləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM