Almaniya və Avstriya “TikTok”un Avropadakı fəaliyyətinin Avropa sahibkarlarının nəzarətinə verilməsi təşəbbüsü ilə çıxış edib.
NTV xəbər verir ki, təşəbbüs çərçivəsində platformanın Avropa bölməsi üçün yerli mülkiyyət strukturunun yaradılması təklif olunur.
Təklifə əsasən, yalnız idarəetmə deyil, həm də istifadəçi məlumatlarının işlənməsi və tövsiyə alqoritmləri kimi əsas texnoloji infrastruktur da Avropa nəzarətinə keçməlidir. Təşəbbüs müəllifləri hesab edir ki, platformanın hazırkı sahiblik modeli Avropa dövlətlərinin rəqəmsal təhlükəsizliyi üçün risklər yaradır.
“TikTok” Çinin “ByteDance” şirkətinə məxsusdur və Çin hakimiyyət orqanlarının Avropa istifadəçilərinin məlumatlarına mümkün çıxışı Berlin və Vyanada narahatlıq doğurur. Açıqlamada qeyd olunur ki, tətbiqdən Avropada hər ay təxminən 200 milyon nəfər istifadə edir. Almaniya və Avstriya əhalisinin təxminən üçdə biri platformanın istifadəçisidir. Rəsmilər, həmçinin Çinə məlumat ötürülməsi zamanı Avropanın fərdi məlumatların qorunması qanunvericiliyinin pozulmasına və Avropa Komissiyasının “TikTok”a dair araşdırmalarına istinad edirlər.
“TikTok” nümayəndəsi isə təklifin əsassız olduğunu bildirib.
Hələlik bu, yalnız iki ölkənin təklifidir. Avropa İttifaqı səviyyəsində “TikTok”un sahiblik strukturunun dəyişdirilməsi barədə qərar qəbul edilməyib. “ByteDance” şirkətinin Avropa bölməsini satmaq öhdəliyi də hazırda yoxdur.
