Azərbaycanın Boqotadakı qeyri-rezident səfiri Məmməd Talıbov Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortislə ticarət, mədəniyyət, təhsil və konsulluq sahələrinində əməkdaşlığı potensial müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kolumbiya XİN-in mətbuat xidməti bildirib.
“Xarici İşlər Nazirliyinin Avropa [idarəsinin] rəisi Azərbaycanın Meksikadakı səfiri, Kolumbiyadakı qeyri-rezident səfir Məmməd Talıbovla səmərəli görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran sahələr və növbəti il üçün xüsusilə ticarət, mədəniyyət, təhsil və konsulluq sahələrində potensial əməkdaşlıq müzakirə edilib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
Vurğulanıb ki, bu il Azərbaycan – Kolumbiya münasibətlərində “əhəmiyyətli irəliləyiş” əldə olunub: “Xarici işlər [və ticarət] naziri Luis Xilberto Murilyonun BMT Baş Assambleyası çərçivəsində və Bakıda keçirilmiş COP29-da həmkarı Ceyhun Bayramovla, həmçinin Kalida keçirilmiş COP16-da Azərbaycanın ekologiya və təbii sərvətlər naziri [Muxtar Babayev] ilə görüşləri olub. Bundan başqa, Azərbaycan hökuməti iki dəfə Kolumbiyaya iqlimlə əlaqəli fövqəladə halların fəsadlarını azaltmaq üçün humanitar maliyyə yardımı göstərib”.