Naxçıvan şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı” keçirilir.
NTV xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenat İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, dərin ehtiramlarını bildiriblər.
Zirvə toplantısında rəsmi çıxışlar olacaq, xüsusi rabitə, dövlət şəbəkəsinə qoşulmalar, proqram təminatlarının lisenziyalaşdırılması, antiviruslar, kiberinsident nümunəsində ölkəmizdəki hədəflər, effektiv mübarizə üçün nələr edilməlidir, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər, təkliflər, onlayn sorğu və digər məsələlərlə bağlı açıq müzakirələr aparılacaq.
Qeyd edək ki, zirvə toplantısı dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə dövlət qurumlarının rəhbər heyəti arasında sahə üzrə problemləri müzakirə etməklə yanaşı, yeni imkanları və ideyaları bölüşmək məqsədilə təşkil olunur.
