satellite   Azerspace-1: 11135 H 30000

Yüksək səs-küyün təhlükəsi: eşitmə itkisi və ciddi xəstəliklərə aparan risklər

Yüksək səs-küyün təhlükəsi: eşitmə itkisi və ciddi xəstəliklərə aparan risklər

Eşidilən diapazonda 80 desibeldən yuxarı intensivlikli sabit və ya qeyri-sabit (tonal və genişzolaqlı) akustik küyün uzunmüddətli təsiri insanın eşitmə qabiliyyətinə ciddi zərər vurur. Təsirin müddəti və gücündən asılı olaraq eşitmə orqanlarının həssaslığı azalır, bu isə eşitmə həddinin müvəqqəti yüksəlməsi ilə müşahidə olunur. Adətən, küyün təsiri dayandıqdan sonra eşitmə əvvəlki vəziyyətinə qayıdır. Lakin uzunmüddətli və güclü səs-küy eşitmənin dönməz itkisinə - karlığa səbəb ola bilər.

Bu barədə NTV-yə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev məlumat verib. Onun sözlərinə görə, güclü küy şəraiti karlıqdan əvvəl bir sıra qeyri-infeksion qulaq xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Bunlara tinnitus (mövcud olmayan səslərin eşidilməsi) və hiperakuziya (səslərin olduğundan daha güclü qavranması) daxildir.

Mütəxəssis qeyd edib ki, yüksək səs-küy təkcə eşitmə orqanlarına deyil, həm də ürək-damar sisteminə mənfi təsir göstərir. Belə ki, hipertonik ürək xəstəliyi, koronar kardioskleroz, stenokardiya və miokard infarktı kimi xəstəliklərin yaranma riski artır. Araşdırmalar göstərir ki, 80 desibelədək səs səviyyəsi nisbətən təhlükəsiz hesab edilsə də, bu göstəricinin 64-77 desibel aralığında artması infeksion xəstəliklərin tezliyini 3 dəfə, ürək və sinir sistemi xəstəliklərini isə 1,5-2 dəfə yüksəldir.

Alimin fikrincə, xüsusilə infrasəs və ultrasəs rəqsləri insan sağlamlığı üçün təhlükəlidir. İnfrasəs (aşağı tezlikli dalğalar) zəlzələ, güclü külək, böyük sənaye avadanlıqları və digər iri miqyaslı proseslər nəticəsində yaranır və daha çox mərkəzi sinir sistemi, qan dövranı və tənəffüs orqanlarına təsir edir. Ultrasəs isə yüksək dozada dərialtı toxumaları qızdıraraq dəri, göz və beyin xəstəliklərinə səbəb ola bilər. Bununla yanaşı, müəyyən dozada ultrasəs tibbdə, məsələn, diaqnostikada geniş istifadə olunur.

Qeyd olunur ki, bəzi hallarda infrasəs tezlikləri insanın emosional vəziyyətinə də təsir göstərərək qorxu, narahatlıq və stres hisslərini gücləndirə bilər.

Akustik küyün tənzimlənməsi beynəlxalq və milli normativ sənədlərlə həyata keçirilir. Avropa İttifaqında bu sahədə 200-dən çox normativ sənəd mövcuddur. Azərbaycanda isə əsas sənəd 2008-ci ildə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”dır. Bununla belə, ölkədə akustik küyün idarə olunmasına dair ayrıca qanun hələ qəbul edilməyib.

Akustik küy monitorinqi ekoloji monitorinq sisteminin tərkib hissəsidir. Bu monitorinqlər əsasında şəhərlərin küy xəritələri hazırlanır və problemli ərazilər müəyyən edilir. Məsələn, Sankt-Peterburq şəhərinin küy xəritəsi mövcuddur, lakin Bakıda belə xəritə hələ tərtib olunmayıb.

Mütəxəssis vurğulayıb ki, səs-küydən qorunmaq üçün həm kollektiv, həm də fərdi mühafizə vasitələrindən istifadə vacibdir. Kollektiv mühafizə tədbirlərinə şəhərsalma və tikinti həlləri, səs mənbələrinin zəiflədilməsi və səsin yayılmasının qarşısını alan maneələr daxildir. Bu tədbirlər kifayət etmədikdə isə fərdi mühafizə vasitələri - qulaq tıxacları, qulaqlıqlar, şlemlər və xüsusi qoruyucu geyimlər tətbiq olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM