NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə “Qədim Naxçıvan mahnılarda” başlığı altında tədbir keçirilib.
Tədbirdə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə açaraq bildirib ki, Naxçıvanın adı könüllərə yazılıb, dodaqlardan süzülüb, qulaqlarda səslənib, gözəl mahnılarda tərənnüm olunub. O mahnılar ki illərdir, ürəklərə yol tapa, milyonların yaddaşına əbədilik həkk ola bilib. O mahnılar ki eşidəndə ruhu saflaşdırır, layla kimi könül oxşayır. Sözlərinin şirinliyi, saflığı, təbiiliyi, həzinliyi insanı ovsunlayır. Adı mahnılara düşən, dillər əzbəri qədim Nuh yurduna Rəşid Behbudov, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Ələkbər Ələsgərov, Ədalət Nəsibov, Əbülfət Əliyev, Nəzakət Məmmədova və Naxçıvana qonaq gələn digər mədəniyyət xadimlərinin hamısı bu torpağın gözəlliyinə, insanlarının Naxçıvanı dövrəyə alan dağlarından da böyük olan ürəyinə heyran qalıblar.
Tədbirin bədii hissəsində Babək Rayon Mədəniyyət İdarəsinin musiqi kollektivlərinin ifasında Naxçıvana həsr olunmuş musiqi nömrələri izləyicilərin alqışları ilə qarşılanıb.